Lerikin “Blaband” komandası gənclər arasında futbol üzrə rayon birinciliyinin qalibi olub
Lerik, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən gənclər arasında futbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 gün davam edən birincilikdə 12 komanda 4 yarımqrupda qələbə uğrunda mübarizə aparıb.
Lerik şəhər stadionunda keçirilən final oyununda “Blaband” və “Şəhərlilər” komandaları qarşılaşıblar.
Rəqibinə böyük üstünlüklə - 3:0 hesabı ilə qalib gələn “Blaband” komandası rayon çempionu adını qazanıb. “Şəhərlilər” komandası ikinci, “Orand” komandası üçüncü yerləri tutublar.
Qaliblərə kubok və diplomlar təqdim olunub.