Lətif Kərimov Azərbaycan dekorativ-tətbiqi sənətində yeni istiqamətlər yaradıb
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində "Azərbaycan xalça" sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığı tarixə və Xalq rəssamı, professor Lətif Kərimovun doğum gününə həsr olunmuş “Azərbaycanın milli mədəni irsi və UNESCO”, “Lətif Kərimov - Sənətə həsr olunmuş həyat” adlı tədbir keçirilib.
Azərbaycan Xalça Muzeyinin əməkdaşları əvvəlcə L.Kərimovun doğum günü münasibətilə Fəxri xiyabanda Xalq rəssamının və ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bəşəri sənətlər içərisində özünəməxsusluğu ilə seçilən və xalqımızı dünyada şərəflə tərənnüm edən sənətlərdən birinin də xalça sənəti olduğunu deyib. Bildirib ki, Azərbaycan xalçası və xalça sənəti 2010-cu ildə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. “Xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xətti ilə təbliği milli dəyərlərimizdən qaynaqlanan və pozitiv xüsusiyyətlərimizi əks etdirən müsbət imicimizi formalaşdırır, beynəlxalq miqyasda bizə dəyər qazandırır. Bütün bunlar dövlətimizin mədəniyyətimizə verdiyi dəyəri ifadə etməklə yanaşı, həm də dünya miqyasında milli mədəni maraqlarımızı əks etdirən bəşəri məqsədlərə xidmət edir və milli-mənəvi dəyərlərimizin dünyaya inteqrasiyasına geniş yol açır”, - deyə Ə.Nuriyev vurğulayıb.
Muzeyin Şuşa filialının müdiri bildirib ki, bu gün doğum günü qeyd edilən, çoxşaxəli fəaliyyəti və fenomenal xüsusiyyətləri ilə müasirlərindən seçilən Lətif Kərimov milli xalçaçılıq sənətinə və ümumilikdə bütün bəşəriyyətə töhfə etdiyi əsrarəngiz xalça əsərləri və çox dəyərli elmi araşdırmaları ilə məşhurdur. O, Azərbaycan dekorativ-tətbiqi sənətində yeni istiqamətlər yaradıb, xalça sənətinin incəliklərini öyrənərək və təməlini qoyduğu elmi əsaslarla təsdiqləyərək, özündən sonrakı nəsillərə miras saxlayıb. Lətif Kərimov bir müddət Azərbaycan radiosunun Fars bölməsində diktor kimi çalışsa da, daim yaradıcılıqla məşğul olub. O, uzun illər “Azərxalçaittifaq” müəssisəsində Bədii Yaradıcılıq qrupuna rəhbərlik edib, müəssisədə milli naxışlara mənsub xalçalarla yanaşı, həm də çoxsaylı yeni süjetli və portret xalçaların yaradılmasının təşəbbüskarı və əsas müəllifi idi. Sənətkar bu illərdə bir-birinin ardınca xalça naxışlarından istifadə edərək, yüksək professionallıqla yaradıcılığındakı hiss və duyğularını rəng çalarları və sirli-sehrli ilmələr vasitəsilə canlandırıb. 1967-ci ildən bəri fəaliyyət göstərən və dünyada bənzəri olmayan Azərbaycan Xalça Muzeyi də məhz onun təşəbbüsü ilə yaradılıb.
Tədbirdə sənətkarın ailə üzvü A.Səfərov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor K.Əliyeva, dahi sənətkarın tələbəsi, Xalq rəssamı A.Hüseynov Lətif Kərimovla bağlı xatirələrini söyləyiblər.
Sonra Lətif Kərimov haqqında lentə alınmış telefilm nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.
Tədbirin sonunda muzeyin ekspozisiyasında Lətif Kərimova həsr olunmuş guşə ziyarət edilib.