LEYLA ƏLİYEVA İKT GƏNCLƏR FORUMUNUN BAŞ ƏLAQƏLƏNDİRİCİSİ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu İdarə heyətinin aprelin 10-da Küveytdə başa çatmış 6-cı sessiyasında Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci Baş əlaqələndiricisi seçilmişdir.
Forumun baş katibi Elşad İskəndərov demişdir ki, İdarə heyətinin üzvləri L.Əliyevanın “Gənclər Sivilizasiyaların Alyansı Naminə” hərəkatının Bakıda keçirilmiş yüksək səviyyəli konfransının və BMT-nin Sivilizasiyalar Alyansının (SA) 2008-ci ilin yanvarında Madriddə keçirilmiş birinci forumunun işində fəal iştirakını qeyd etmişlər. Müzakirələrin gedişində bu da vurğulanmışdır ki, L.Əliyeva həm beynəlxalq münasibətlər sahəsində zəngin nəzəri biliklər potensialına, həm də Rusiyanın azərbaycanlı gənclər hərəkatının yaradılması ilə əlaqədar praktik iş təcrübəsinə malikdir. Forumun Baş əlaqələndiricisinin funksiyalarına İKT Gənclər Forumunu beynəlxalq səviyyədə, o cümlədən BMT SA-nın Məşvərət şurasında təmsil etmək, eləcə də beynəlxalq “Gənclər Sivilizasiyaların Alyansı Naminə” hərəkatına ümumi rəhbərlik etmək vəzifələri daxildir.
İKT-nin üzvü olan ölkələrdən doqquzunun və beynəlxalq təşkilatların nümayəndələrinin daxil olduğu İdarə heyəti iki gün ərzində Forumun son yarım ildəki fəaliyyətini, xüsusən İKT ölkələrində intellektual inkişafa və gənclərin mənafelərinin müdafiəsinə yönəlmiş proqramların həyata keçirilməsi, eləcə də Avropanın və Qərbin gənclik təşkilatları ilə dialoqun dərinləşdirilməsi sahəsində fəaliyyətini müzakirə edərək, onu qənaətbəxş saymışdır.
Ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun, BMT İnkişaf Proqramının, İSESKO-nun və Avropa Şurasının dəstəyi ilə yaradılmış “Gənclər Sivilizasiyaların Alyansı Naminə” hərəkatının fəaliyyətinin tam dəstəklənməsi bildirilmişdir. Qeyd edilmişdir ki, artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən tanınmış olan bu hərəkat sivilizasiyalar arasında dialoqun güclənməsi üçün mühüm vasitəyə çevrilməli, ekstremizmin və radikalizmin azalmasına kömək etməlidir.