Lİ PEN: ÇİN AZƏRBAYCANLA DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİNİN QƏDRİNİ BİLİR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərdə deyilir ki, yanvarın 21-də Pekində Ümumçin Xalq Nümayəndələri Məclisi (ÜXNM) Daimi Komitəsinin sədri Li Pen burada səfərdə olan Azərbaycan Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərovla və respublikamızın nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Cənab Li Pen vurğulamışdır ki, ÇXR ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradıldığı vaxtdan ötən 10 ildən artıq dövrdə ikitərəfli əlaqələr sabit şurətdə inkişaf edir, qarşılıqlı ticarət-iqtisadi əməkdaşlıq daim möhkəmlənir. Qarşılıqlı anlaşma və qarşılıqlı etimad da ardıcıl şəkildə dərinləşir. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan nümayəndə heyətinin Çinə indiki səfəri ÜXNM-nin maliyyə-iqtisadi komissiyası ilə əməkdaşlığının genişlənməsində mühüm rol oynayacaqdır.
Cənab Li Pen demişdir: Azərbaycan Çinə dost ölkədir. ÇXR Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin qədrini bilir, onunla diplomatik münasibətlər yaratmış ilk dövlətlərdən biridir. 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Çinə uğurlu səfər etdi, ÇXR-in sədri Tszyan Tszeminlə mühüm danışıqlar apardı. Hər iki tərəfin imzaladığı birgə bəyanat və bir sıra digər sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün möhkəm təməl qoydu. İkitərəfli ticarət-iqtisadi əməkdaşlığı möhkəmlətmək üçün olduqca geniş potensial imkanlar var. Tərəflər birgə səylərlə əlverişli ticarət və sərmayə qoyuluşu şəraiti yaratmalı, özlərinin işgüzar dairələri arasında qarşılıqlı fəaliyyəti gücləndirməli, ikitərəfli ticarəti genişləndirməli, dostluq əlaqələrini möhkəmlətmək üçün daha möhkəm iqtisadi zəmin yaradılması məqsədi ilə qarşılıqlı sərmayə qoyuluşunu artırmalıdırlar.
Li Pen qeyd etmişdir ki, ÜXNM ilə Azərbaycan parlamenti arasında əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. İki ölkənin parlament nümayəndələri arasında yüksək səviyyədə təmaslar daha tez-tez olur. Hər iki dövlətin dost təşkilatları da səmərəli əməkdaşlıq edirlər. O, əmin olduğunu söyləmişdir ki, birgə səylər nəticəsində parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin inkişafına təkan verilməsində daha böyük rol oynayacaqdır.
Səttar Səfərov bildirmişdir ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Çinlə münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verir, Çin barəsində siyasətini özünün xarici siyasətində öncül istiqamətlərdən biri hesab edir. Azərbaycan parlamenti ilə ÜXNM arasında təmaslar ikitərəfli əlaqələrin genişlənməsində aparıcı rol oynayır. O, ümidvar olduğunu söyləmişdir ki, hər iki parlamentin müvafiq komissiyaları ölkələrimizdə iqtisadi inkişafa və onların qarşılıqlı ticarət-iqtisadi əlaqələrinə yardım göstərilməsinə daha böyük töhfə vermək məqsədi ilə təmasları möhkəmləndirəcəklər.
S.Səfərov demişdir ki, indiki səfər zamanı nümayəndə heyətinin üzvləri Çinin islahatların aparılması və xarici əlaqələrin genişləndirilməsi prosesində sanballı nailiyyətlər qazandığını öz gözləri ilə gördülər. O əmindir ki, Çin-Azərbaycan ticarət əlaqələri və iqtisadi əməkdaşlığı yeni inkişaf səviyyəsinə qalxacaqdır.