Litva portalında III Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş məqalə yerləşdirilmişdir
Vilnüs, 7 noyabr (AZƏRTAC). Litvanın slaptai.lt portalında III Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş məqalə yerləşdirilmişdir. Hər il keçirilən bu tədbir dünya birliyinin siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini, o cümlədən tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır.
Foruma dünyanın 70 ölkəsindən gəlmiş 800-ə yaxın nümayəndə Bakı şəhərinin gözəlliyinə, qonaqpərvərliyinə, azərbaycanlıların səmimiyyətinə heyran olduqlarını vurğulamışlar.
60-a yaxın fotoşəkillə illüstrasiya edilmiş məqalədə bildirilir ki, III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” və başqa mövzulara həsr olunmuş “dəyirmi masa”lar keçirilmişdir.
Forumun işində Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, deputat Mantas Adomenas, “Elita” şirkətinin baş direktoru Qrajina Ramanauskayte və Litva Jurnalistlər Şurasının sədri Radzeviçius Dainiusdan ibarət nümayəndə heyəti də iştirak etmişdir.
Forum başa çatandan sonra qonaqlar Azərbaycanın Gəncə, Lənkəran və Naxçıvan bölgələrinə səfər etmişlər.
Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan haqqında bəzən qərəzli şəkildə yaradılan yanlış təsəvvürlərə baxmayaraq, əslində o, Cənubi Qafqazın olduqca müasir, sivil, demokratik və sülhsevər bir ölkəsidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs