Litva Prezidenti həmyerlimizi “Litva Qarşısında Xidmətlərə Görə” ordeni ilə təltif edib
Vilnüs, 22 fevral, AZƏRTAC
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Litva dövlətinin bərpa edilməsinin 103-cü ildönümü münasibətilə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevi “Litva qarşısında xidmətlərə görə” ordeninin Cəngavər Xaçı ilə təltif edib.
Azərbaycan Respublikasının Litvadakı Səfirliyindən AZƏRTAC-a bildiriblər ki, soydaşımız Mahir Həmzəyev Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında və çoxmillətli Litva vətəndaş cəmiyyətinin qurulmasında görkəmli xidmətlərinə, çoxmədəniyyətli, demokratik və tolerantlı Litva cəmiyyətinin inkişafında uzunmüddətli səmərəli ictimai-siyasi və mədəni fəaliyyətinə görə Litva Prezidentinin Fərmanı ilə 2021-ci il 15 fevral tarixində mükafatlandırılıb.
Qeyd edilib ki, M.Həmzəyev 1988-ci ildə Litvada başlanmış dirçəliş hərəkatı və dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizənin Litva milli azlıqları arasında ilk təşəbbüsçülərindən biri kimi çıxış edib, 1988-1991-ci illərdə fəaliyyət göstərmiş Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının təsisçilərindən olub. 1988-ci ildə Vilnüsdə yaşayan həmvətənlərimizlə birgə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və o ildən bu təşkilatın sədridir.
Bildirilib ki, 1990-1991-ci illərdə Litva müstəqilliyi uğrunda Xalq hərəkatı Sayudis Seyminə üzv seçilib. 1991-ci il Vilnüs qanlı yanvar təcavüzü günlərində Litva Millətlər Departamentinin xətti ilə Litva Hökumətinin yanında yaradılmış Milli İcmalar Şurasının həmtəsisçisi olub və otuz ilə yaxın bu Şuranın üzvü olaraq geniş fəaliyyət göstərib. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvadakı Səlahiyyətli nümayəndəsi olub. 2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında iştirak edib və 2001-ci ildən indiyədək Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
O, həmçinin çoxillik səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə 1991-2018-ci illərdə Litva Respublikası Seyminin Sədri, Litva Respublikasının Baş naziri, Litva Respublikasının mədəniyyət naziri və digər yüksək dövlət qurumları rəhbərləri tərəfindən təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb. M.Həmzəyev həm də Litva milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsi, yeni dövr Litva-Azərbaycan ədəbi-mədəni və tarixi münasibətlərinin qurulub inkişaf etdirilməsi, qədim Litva-Azərbaycan mədəni əlaqələrinin və Azərbaycan xalqının etnokulturoloji dəyərlərinin orijinal tədbirlər vasitəsilə təşviq olunub tanıdılması sahəsində müstəsna nailiyyətlərə görə Litva Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən dəfələrlə mükafatlandırılıb.
M. Həmzəyev 2002-ci ildən Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür. 2016-cı ildə Litva mədəniyyət nazirinin Sərəncamı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb. 2020-ci ildən Litva Respublikası Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin ictimai müşaviridir.
Qeyd edilib ki, elmi-mədəni, ictimai-siyasi və diaspor xadim olaraq tanınmış M. Həmzəyev 1979-cu ildən Litvada yaşayıb çalışır. BDU-nun filologiya fakültəsinin məzunudur. Diplom işi “Azərbaycan-Litva ədəbi əlaqələri” mövzusunda olub.1984-1989-cu illərdə Vilnüs Universitetində litvaşünaslıq üzrə aspiranturada təhsil alıb. Litva-Azərbaycan ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələri, 1918-1922-ci illər dövlətlərarası münasibətləri mövzularında elmi, publisistik, kulturoloji və komparativistik araşdırmalar aparır, bədii və publisistik tərcümələr edir. 1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib və 1994-cü ildən bu qurumun sədridir.
M.Həmzəyev 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb, 2011-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib. 2006-cı ildə Litva Prezidenti Valdas Adamkusun Fərmanı ilə “Litva qarşısında xidmətlərə görə” dövlət medalı ilə təltif edilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs