DÜNYA
Liviya Prezident Şurası beynəlxalq ictimaiyyəti qarşıdakı seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb
Qahirə, 15 noyabr, AZƏRTAC
Liviya Prezident Şurasının başçısı Muhamməd əl-Menfi beynəlxalq ictimaiyyəti dekabrın 24-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində təhlükəsizliyi təmin etməyə, habelə müşahidə missiyaları göndərməyə çağırıb. O, həmçinin səsvermə prosesinə logistika dəstəyi vermək xahişi ilə qonşu ölkələrə müraciət edib.
AZƏRTAC xəbər verir ki, seçkilərə bir aya yaxın vaxt qalsa da, bəzi ekspertlər səsvermənin dinc şəraitdə və insidentsiz baş tutacağı ilə bağlı pessimist fikirlər irəli sürürlər. Belə ki, iki gün əvvəl Liviyanın mərhum rəhbərinin oğlu Seyf əl-İslam Qəddafinin ölkənin cənubunda yerləşən və general Həftarın qoşunlarının nəzarəti altında olan Sabah şəhərində prezidentliyə namizədliyini elan etməsi bir çox suallar doğurub. Liviyaya dair Paris Beynəlxalq Konfransının qəbul etdiyi Bəyannaməni dəstəkləyən bütün keçmiş münaqişə tərəflərinin seçkiqabağı kampaniya zamanı da kompromisi davam etdirəcəkləri sual altındadır.
Prezidentliyə namizədlərin siyahısına Prezident Şurasının başçısı Muhamməd əl-Menfi, Baş nazir Əbdülhəmid Dbeybeh və daha 7 siyasətçinin daxil olduğu bildirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə