Lokal xarakterli antiterror tədbirlərin məqsədi bölgədə əmin-amanlığın bərqərar edilməsidir - RƏY
Bakı, 20 sentyabr, AZƏRTAC
Bildiyimiz kimi, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumları nəticəsində mülki vətəndaşlarımız və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları həlak olublar. Ona görə də bu təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
“Təəssüflər olsun ki, nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı kontingenti bu günə qədər bu bəndin icrası ilə bağlı öhdəliklərini icra etmək üçün heç bir xoşniyyət addım atmayıb. Əksinə, həmin terrorçuların silahlandırılması və növbəti təxribatların həyata keçirilməsi üçün mümkün bütün vasitələrdən istifadə etməyə davam ediblər. Məhz bu səbəbdən üçtərəfli Bəyanatın müddəalarının icrası, bölgədə yaşayan və fəaliyyət göstərən mülki vətəndaşlarımızın, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilən antiterror tədbirləri qaçılmaz olmaqla yanaşı, mütləq xarakter daşıyır", - deyə Aytən Qurbanova əlavə edib.
Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsində və ondan sonra həyata keçirilmiş antiterror əməliyyatlarında olduğu kimi, bu tədbirlərin də əsas hədəfi hərbi obyektlərdir və heç bir halda mülki obyektlər hədəf olaraq seçilməyib. Erməniəsilli mülki əhalinin hərbi obyektlərdən uzaq durması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının etdiyi çağırışlar buna bariz nümunədir.
O, həmçinin bildirib: “Bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri bu tədbirlər nəticəsində zərərsizləşdirildikdən sonra biz nəhayət ki, Qarabağda uğurlu reinteqrasiya prosesindən və Ermənistanla davam edən sülh danışıqlarının yekunu olaraq real sülh müqaviləsindən danışa bilərik”.