DÜNYA
London məhkəməsi Culian Assanjın ekstradisiyası üzrə ABŞ-ın apellyasiya şikayətinə baxır
Bakı, 27 oktyabr, AZƏRTAC
Londonun Yüksək Məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assanjın Birləşmiş Ştatlara ekstradisiyasını qadağan edən Böyük Britaniya məhkəməsinin qərarına etiraz edən ABŞ-ın apellyasiya şikayətini nəzərdən keçirməyə başlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək dinləmələr zamanı ABŞ tərəfi 2021-ci il yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytserin Culian Assanjın Birləşmiş Ştatlara təhvil verilməsinə qoyduğu qadağanın ləğvinə çalışacaq.
O zaman psixoloq və ekspertlərin qiymətləndirməsinə əsaslanan Westminster maqistrat məhkəməsinin hakimi Vanessa Baraytser ABŞ həbsxanasına düşəcəyi təqdirdə autizm və klinik depressiyadan əziyyət çəkən Culian Assanjın intihar edəcəyini düşünürdü. Lakin o, ABŞ hakimiyyətinin avstraliyalıya qarşı irəli sürdüyü ittihamları tamamilə qanuni və əsaslı hesab etmişdi.
Əlli yaşlı Culian Assanjın 2019-cu ilin aprel ayından saxlanıldığı “Belmarsh” həbsxanasından video-bağlantı vasitəsilə prosesə qatılması gözlənilsə də, onun dinləmələrdə iştirak etməyəcəyi məlum olub. Hazırda Assanjın yüzə yaxın tərəfdarı London Yüksək Məhkəməsi yaxınlığında aksiyaya başlayaraq jurnalistin dərhal azadlığa buraxılmasını tələb edir. Onlar ABŞ hakimiyyətini “WikiLeaks” saytının qurucusuna qarşı bütün ittihamlardan vaz keçməyə çağırırlar.
Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti ona qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.