Londonda Novruz bayramı qeyd edilib
London, 30 mart, AZƏRTAC
Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Londonda Novruz bayramı qeyd olunub.
Tədbirdə Azərbaycan mətbəxi şirniyyatlarının, “Gülnarə Xəlilova Moda və İncəsənət Evi”nin rəhbəri tərəfindən hazırlanan qadın və kişi milli geyimlərinin, xalqımızın adət-ənənələrini təmsil edən rəsmlərin nümayişi ilə yanaşı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmovun ifasında xalq mahnıları səsləndirilib. Eyni zamanda, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal və gənc müğənni Səbinə Bəyli öz ifaları ilə tədbirə rəng qatıblar.
Sonda qonaqların iştirakı ilə yarışma keçirilib və qaliblərə hədiyyə kuponları, Azərbaycan çayı, kəlağayı, xalça, müxtəlif kitab və suvenirlər təqdim olunub.
Tədbirdə Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, Londonda yaşayan azərbaycanlı mütəxəssislər, həmçinin digər xarici ölkələrin nümayəndələri iştirak ediblər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London