İQTİSADİYYAT
“Lukoyl” Moldovada fəaliyyətini genişləndirməyi planlaşdırır
Kişineu, 13 sentyabr (AZƏRTAC). Moldovanın Baş naziri Vlad Filat Kişineuda səfərdə olan Rusiyanın “Lukoyl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) prezidenti Vahid Ələkbərov ilə görüşmüşdür.
AZƏRTAC Moldova hökumətinin mətbuatla əlaqələr idarəsinə istinadla xəbər verir ki, görüşdə iqtisadi inkişaf və xarici sərmayədarların Moldovada fəaliyyəti məsələləri müzakirə edilmişdir.
Baş nazir Rusiyaya sentyabrın 12-də başa çatan səfərindən söz açaraq onu səmərəli adlandırmışdır.
V.Filat onu da vurğulamışdır ki, istər RF Prezidenti Vladimir Putin, istərsə də Baş nazir Dmitri Medvedev Rusiya sərmayələrinin Moldova iqtisadiyyatına yatırılmasında maraqlı olduqlarını təsdiq etmişlər.
Rusiya sərmayədarlarının həmin bəyanatları tam dəstəklədiklərini vurğulayan Vahid Ələkbərov öz növbəsində ümidvar olduğunu bildirmişdir ki, iki ölkə arasında siyasi səviyyədə münasibətlərin fəallaşması ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə və sərmayələrin qoyulmasına şərait yaradacaqdır. O bildirmişdir ki, başçılıq etdiyi şirkət Moldovada fəaliyyətini genişləndirmək və şaxələndirmək imkanlarını nəzərdən keçirir.
Vahid Ələkbərov dəqiqləşdirmişdir ki, “Lukoyl” 1995-ci ildən Moldova bazarındadır və “Lukoil-Moldova” hazırda bu ölkədə neft məhsulları və maye qaz bazarının liderlərindən biridir.
Görüşdə “Lukoil-Moldova”nın direktoru Feyruz İsayev iştirak etmişdir.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Moldova Respublikasında neft məhsulları bazarının inkişafında xüsusi xidmətlərinə, sosial-humanitar aksiyaların keçirilməsinə töhfəsinə və səmərəli menecerlik fəaliyyətinə görə həmvətənimiz , “Lukoil-Moldova” Məhdud Məsuliyyəti Cəmiyyətin direktoru Feyruz İsayev bu ölkənin Prezidenti Nikolaye Timoftinin Fərmanı ilə “Ordinul de Onoare” ordeni ilə təltif edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kişineu