İDMAN
Macarıstanlı mütəxəssis: Azərbaycanda su idman növləri üzrə gənc nəsil yetişməkdədir
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru İvan Petrov üzgüçülük üzrə yığmanın Quba Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışına qatılıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tanınmış macar mütəxəssis millinin baş məşqçisi ilə birgə məşq prosesini izləyib, üzgüçülərin peşəkarlığının artırılması məqsədilə həm məşqçilər, həm də idmançılar üçün seminar-treninqlər keçib.
İdman direktorunun səfərinin məqsədi millinin məşqçilərinin kvalifikasiyalarının artırılmasına dəstək olmaq, onların sayəsində qabiliyyətli idmançılar yetişdirmək, üzgüçülərin potensialının üzə çıxarılmasında və bacarıqlarının artırılmasında rol oynamaqdır.
İ. Petrov bildirib ki, bu gün Azərbaycanda su idman növləri üzrə yeni gənc nəsil yetişməkdədir: “Bacarıqlı idmançıların sayı artdıqca, yığma komandanın tərkibinin yenidən formalaşdırılmasına da ehtiyac duyulur. Bu gün biz Qubada həm məşqçilərin, həm də idmançıların peşəkarlığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”.
Federasiyadan onu da bildiriblər ki, üzgüçülük üzrə komanda tam tərkibdə oktyabrın 8-dən etibarən Quba Olimpiya Kompleksində təlim məşq toplanışındadır.