Malayziya parlamentinin üzvlərinin əksəriyyəti Baş nazir vəzifəsinə İsmail Sabri Yakobun namizədliyini təsdiqləyib
Tokio, 20 avqust, AZƏRTAC
Malayziya parlamentinin aşağı palatasının üzvlərinin əksəriyyəti ölkənin Ali hökmdarı - Kral Abdulla Riayyatuddin Əl-Mustafa Billaha Baş nazir vəzifəsinə İsmail Sabri Yakobun namizədliyini təsdiqlədiklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü “The Straits Times” qəzeti məlumat yayıb. Bildirilir ki, avqustun 19-da Malayziya Kralı Malay Milli Təşkilatı Birliyinin (Yeni OMNO) sədr müavini İsmail Sabri Yakobun hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürən 222 deputatdan 114-nü qəbul edib. Bu gün Ali hökmdar ölkənin doqquz ştatının hökmdarlarından ibarət Şuranın iclasını keçirəcək və yeni Baş nazirin təyini barədə yekun qərarı qəbul edəcək.
Xatırladaq ki, Malayziyanın sabiq Baş naziri Muhiddin Yassin avqustun 16-da parlamentin əksəriyyətinin dəstəyini itirdiyinə görə tutduğu vəzifədən istefa verib. Malayziya Konstitusiyasına əsasən, Kral ölkənin bütün siyasi qüvvələri və qanunverici orqanın aşağı palatasının nümayəndələri ilə məsləhətləşmələr apararaq deputatların əksəriyyətinin müdafiə etdiyi namizədi seçməlidir. Əks halda Ali hökmdar parlamenti buraxmalı və 60 gün ərzində yeni seçkilər keçirilməlidir. Lakin Kral saray administrasiyasının bildirdiyinə görə, koronavirus pandemiyası şəraitində seçkilərin təşkili məqsədəuyğun deyil.
Deputatların əksəriyyətinin dəstəklədiyi İsmail Sabri Yakob əvvəlki hökumətdə böyük nazir, müdafiə naziri vəzifələrini tutub. Sonradan Baş nazirin müavini təyin edilib. O, həmçinin OMNO partiyası sədrinin üç müavinindən biridir. Bu partiya Malayziyanın müstəqillik qazandığı 1957-ci ildən 2018-ci il seçkilərinə qədər ölkənin hakim siyasi təşkilatı olub. Həmin vaxt böyük maliyyə qalmaqalı səbəbindən bu partiya seçkilərdə məğlub olub. Partiyanın sədri və Baş nazir vəzifələrini tutan Nacib Razak isə “SRC International” investisiya fondu ilə əlaqəli iqtisadi cinayətlərə görə ötən ilin iyulunda 12 il müddətinə həbs cəzasına məhkum edilib. Ali Məhkəmə onun 210 milyon rinqit (52 milyon dollar) cərimə ödəməsi barədə qərar qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio