“Maqsud Şeyxzadə və onun “Cəlaləddin Mənquberdi” dramı” adlı kitab Xarəzmdə nəşr olunub
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və özbək alimi, tarix elmləri üzrə fəlsəfə doktoru Ümid Bekmuhəmmədin həmmüəllifliyi ilə “Maqsud Şeyxzadə və onun “Cəlaləddin Mənquberdi” dramı” adlı kitabı (2023, 176 səh.) Xarəzm vilayətinin paytaxt Urgənc şəhərinin “Agahi” nəşriyyatında çap olunub.
AZƏRTAC xəbər verir ki, özbək dilində yazılmış kitab Xarəzm vilayəti mənəviyyat-mərifət şurasının və “Cəlaləddin Mənquberdi” fondu tərəfindən ərsəyə gəlib.
Kitab “Cəlaləddin Mənquberdi” fondunun rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Bekzad Abdirimovun “Maqsud Şeyxzadə - dostluq timsalı” adlı giriş sözü ilə başlayır. O, yazır: “Məlumdur ki, Maqsud Şeyxzadə çoxşaxəli sənətkar olub və onun poeziya, dramaturgiya, publisistika sahələrindəki fəaliyyətini elmi araşdırmalar kontekstində ayrı-ayrı fəsillərə bölmək olar. Şeyxzadə hərtərəfli alim idi. Bu baxımdan onun nəvaişünaslıqla bağlı elmi fəaliyyətini xüsusilə qeyd etməliyik. Ən əsası, Maqsud Şeyxzadə müxtəlif sınaq və məşəqqətlərlə dolu həyatında ədalət və qərəzsizlik prinsiplərindən geri çəkilməyən şəxsiyyət idi”.
Sonra “Ağdaşdan Daşkəndə kimi: tale yolları”, “Qardaş Özbəkistanda: yaradıcılıq və elm aləminə doğru”, “Cəlaləddin Mənquberdi” dramının yazılması”, “Döyüş meydanlarında Cəlaləddini xatırlamaq”, “Cəlaləddin Mənquberdi” dramının nüsxələri”, “Sənətkarın etirafı”, “Sənətşünas və şairlərin etirafı”, “Şeyxzadə və dramının “qara günləri”, “Cəsarət”, “Şeyxzadənin Xarəzm səfəri”, “İnsanlar var” kimi başlıqlarda Maqsud Şeyxzadə yaradıcılığına yeni bir işıqla nəzər yetirilib.
Elmi publisistik səpkidə yazılmış araşdırmadan sonra, sənətkarın “Cəlaləddin Mənquberdi” dramı tam halda kitaba daxil edilib.
Əsərin məsul redaktorları - tarix elmləri doktoru Qüdrət Maşaripov və Respublika Mənəviyyat və Maarifçilik Mərkəzinin Xarəzm vilayət şöbəsinin baş mütəxəssisi Qulamjon Otajanov, rəyçiləri isə filologiya elmləri doktoru Dilşadbek Qayıbov və tarix üzrə fəlsəfə doktoru Ömərbek Xocamuradovdur.