Mart qırğınları zamanı ermənilər qədim binaları və ziyarətgahları top atəşinə tutaraq dağıdıblar
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Tarixin görünən və görünməyən üzü” mövzusunda tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil müəssisəsinin Heydər Əliyev lektoriyasının rəhbəri, ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qəddarlıqla məhv edilməsini bir millətə qarşı törədilən soyqırımı olduğunu deyib. Qeyd edilib ki, 100 il əvvəl - martın 31-də baş verən bu qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən vandalizmin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Qırğınların davam etdiyi müddətdə saysız-hesabsız insan, o cümlədən təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb. Mart qırğınları zamanı ermənilər hətta qədim binaları, ziyarətgahları, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib. Zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqırımı və deportasiya siyasətini geniş təhlilinə əsaslanan bu tarixi sənəddə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilib.
M.Zülfüqarlı mart qırğınlarında ermənilər tərəfindən Şamaxının 75 kəndinin yerlə-yeksan edildiyini deyib. Bildirilib ki, Şamaxı və qonşu kəndlərdə törədilən soyqırımına dair yeddi cild, 925 səhifədən ibarət araşdırma-arxiv materialları təkcə bu bölgədə törədilən qətliamların statistik baxımdan miqyasından xəbər verir.
ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva tələbələrə Vətən tarixini dərindən öyrənib, xalqımızın tarixi taleyi ilə bağlı məsələlərdə vətəndaş mövqeyi sərgiləməyi tövsiyə edib.
Sonda “Tarixin görünən və görünməyən üzü” adlı sənədli film nümayiş olunub.