Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
Bakı, 26 mart, AZƏRTAC
Martın 26-da bütün dünyada "Bənövşəyi gün" keçirilir. Hər il keçirilən bu beynəlxalq tədbir epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir. Həmin gün arzu edənlərin hər biri epilepsiya diaqnozu ilə yaşayanlara mənəvi dəstək göstərə bilər.
AZƏRTAC xəbər verir ki, 2008-ci ildə epilepsiyadan əzab çəkən doqquz yaşlı qız Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən dəliliyin yüngül forması kimi qəbul edildiyini hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün "Bənövşəyi gün” yaratmağa nail olub. Onun başladığı təşəbbüsü əvvəlcə Kanadadakı Yeni Şotlandiya Epilepsiya Assosiasiyası dəstəklədi, onun ardınca dünyanın başqa təşkilatları da onu müdafiə etdilər.
Artıq 2009-cu ildə 100 min tələbə,100-ə yaxın ictimai birlik və 100-dən artıq məşhur siyasətçi həmin təşəbbüsə qoşulub. Bir axşam Torontodakı televiziya qülləsi bənövşəyi rəngə bürünüb.
Həmin vaxtdan martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa keçirilən hərraclar, yarmarkalar, konsertlər və idman yarışları vasitəsi ilə xəstələr üçün vəsait yığılır.
Epilepsiya ən geniş yayılmış xroniki nevroloji xəstəliklərdən biri hesab edilir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən planet əhalisinin təxminən 65 milyon nəfəri epilepsiya xəstəliyindən əziyyət çəkir. Onlardan yalnız dörddəbiri lazımi müalicə alır.