Masallıda “Gələcəyimizin könüllüləri” layihəsinin icrasına başlanılıb
Masallı, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbinin qalib olduğu “Gələcəyimizin könüllüləri” layihəsinin icrasına başlanılıb.
Layihənin məqsədi şagirdləri vətənpərvər, insanpərvər, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişdirmək və onlar üçün distant formatda könüllülüklə bağlı təlimlər təşkil etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində ilk distant təlim Masallı rayonunun Ərkivan qəsəbəsindəki C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbinin şagirdləri üçün təşkil edilib.
Onlayn təlimdə əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Virtual tədbir iştirakçılarını Vətən müharibəsində qazanılan Böyük Qələbə münasibətilə təbrik edən Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Mehriban Əzizova layihənin donoru, məqsədi və gedişatı haqqında məlumat verib.
Layihə çərçivəsində hazırlanmış “Gələcəyimizin könüllüləri” adlı sosial çarx təqdim edilib.
Distant təlimdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov layihənin ideyasının aktuallığından, könüllülərin ölkəmizdə hər zaman diqqətdə saxlanıldığı və onlar üçün yaradılan imkanlardan danışıb.
Layihənin eksperti Dilbər İbayeva 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasını könüllülərə olan qayğı və diqqətin bariz nümunəsi kimi dəyərləndirib. O, belə layihələrin şagirdlərdə ruh yüksəkliyi yaratdığını, Vətənə və cəmiyyətə könüllü dəstək olmağı həvəsləndirəcəyini diqqətə çatdırıb.
Layihənin təlimçisi Rafət Şirəliyev könüllülük haqqında Azərbaycan Respublikasının Qanunu, könüllük fəaliyyətinin təşkili, ölkəmizdə keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakı, onların əldə etdiyi bilik və bacarıqları, karyera imkanları və fərdi inkişafı haqqında distant təlim keçib.
Qeyd edək ki, Masallı rayonunun 16 məktəbini əhatə edəcək layihədən ümumilikdə 320 şagird (hər məktəbdən 20 şagird) faydalanacaq.