Masallıda gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq yolları müzakirə olunmuşdur
Masallı, 7 noyabr (AZƏRTAC). Masallı şəhərindəki Gənclər Mərkəzində “Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq yolları müzakirə olunmuşdur. Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirmişdir ki, narkotik maddə aludəçilərinin sayının artması bu problem ətrafında daha ciddi düşünməyə əsas verir. Problemin həlli ilə bağlı məsələlər bütün respublikada olduğu kimi, Masallı rayonunda da aktual olaraq qalır.
Müzakirələrdə çıxış edən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının sədri Afiq Məlikov, Masallı rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən söhbət açaraq qeyd etmişlər ki, gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin olunması, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühit formalaşdırılması və müvafiq xidmət strukturlarının yaradılması həlli vacib olan məsələlərdir.
Layihə iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanılmış və 10 nəfər gənc Lənkəran şəhərində keçiriləcək “Təlimçilər üçün təlim” kursunda iştirak etmək hüququ qazanmışdır.