Masallıda “Tariximizin yeni nəfəsi” mövzusunda onlayn tədbir keçirilib
Masallı, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Tariximizin yeni nəfəsi” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonu ilə yanaşı, respublikamızın bir sıra rayonlarında fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeylərinin direktorlarının iştirak etdiyi onlayn tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Virtual tədbir iştirakçılarını Böyük Qələbə münasibətilə təbrik edən Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirib ki, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin şücaəti, xalqımızın möhkəm birlik və həmrəyliyi nəticəsində zəfərlə başa çatdı. Qazanılan misilsiz hərbi uğurlarımızla ərazi bütövlüyümüz təmin olundu, tarixi-mədəni mirasımız öz sahibinə qayıtdı, ölkəmizin müasir tarixinə yeni səhifələr yazıldı.
Azərbaycan İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova çıxışında qeyd edib ki, çox güman ki, yaxın vaxtlarda şəhidlərimizin şəxsi əşyalarının toplanıb muzeylərdə mühafizə olunması və sərgilənməsi işinə başlanılacaq. Əldə ediləcək hər bir tarixi eksponatın gələcək nəsillərə tanıdılması və öyrədilməsi yönümündə hər birimiz bu şərəfli missiyaya böyük məsuliyyət və vətənpərvərlik hissi ilə yanaşmalıyıq.
Daha sonra işğaldan yenicə azad olunmuş Qubadlı, Laçın, Zəngilan, Xocalı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeylərinin direktorları çıxış ediblər.
Onlar çıxışlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı ordumuzun qazandığı Böyük Qələbənin ölkəmizdə son günlər sevincli günlərin yaşandığını, doğma torpaqlara qayıdacaqları günü, muzeylərinin doğulduqları yurd yerlərində yenidən fəaliyyət göstərəcəyi tarixi məqamı səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar.
Videokonfransın sonunda Quba, Qusar, Xaçmaz, Beyləqan, Bərdə, Ucar, Zərdab, Gədəbəy, Şabran Tarix-Diyarşünaslıq Muzeylərinin direktorları qazanılan möhtəşəm Qələbədə göstərdiyi qətiyyət və siyasi iradəyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, hərbi rəşadət və şücaətə görə ordumuzun qəhrəman əsgər və zabit heyətinə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.