MASALLININ FOLKLOR KOLLEKTİVİ DƏRBƏNDDƏ KEÇİRİLƏN III BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Masallının folklor kollektivi Dərbənddə keçirilən “Dağlılar” III Beynəlxalq folklor festivalında iştirak etmişdir.
Festivalda Meksika, Hindistan, Türkiyə, Qırğızıstan və Slovakiyadan, habelə Həştərxan, Rostov, Kabardin-Balkariyadan folklor kollektivləri iştirak etmişlər.
Festivalın açılışı Dağıstan Dövlət Dram Teatrının qarşısında, konsert isə açıq səma altında keçirilmişdir.
Masallı rayonunun “Halay” folklor kollektivi və rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi beynəlxalq festivalda “Lolo”, “Naz eləmə”, “Azərbaycan toyu” rəqslərini, “Azərbaycan”, “Ay ləli yar”, “Nar ey nar”, “Sonalar” mahnılarını ifa etmişdir.
Dağıstanın mədəniyyət və turizm naziri Z.Süleymanova Azərbaycan nümayəndə heyəti ilə görüşmüş, Azərbaycan mədəniyyət və turizm naziri Ə.Qarayevə ən səmimi salamlarını yetirməyi xahiş etmişdir.
Festival çərçivəsində “Halay” ansamblı 13 konsert proqramında çıxış etmiş, Milli geyim bayramının iştirakçısı olmuş, müxtəlif diplomlara layiq görülmüşlər.
“Milli adət və ənənələri qoruyaq” devizi altında keçirilən beynəlxalq tədbir sülh və dostluq festivalına çevrilmişdir.