“Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır
Masallı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Masallı Rayon İcra Hakimiyyətində “Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsini Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, Azərbaycan tərəfindən “İnkişaf 2006” təşkilatının icraçı direktoru Füzuli Abiyev imzalamışlar.
Layihənin məqsədi Masallı rayonunun Güllütəpə kəndinin və qonşu beş yaşayış məntəqəsinin sakinlərinin tibbi xidmətdən istifadəsi üçün lazımi şərait yaratmaqdır.
Layihədən faydalanacaq əhalinin sayı 6 min 800 nəfərdən çoxdur. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 110 min 957 ABŞ dolları təşkil edir.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Şusuke Vatanabe qeyd etmişdir ki, bu layihə də daxil olmaqla Masallıda iki layihə üzrə qrant müqaviləsi imzalanmışdır.
Yaponiya hökuməti tərəfindən 2003-cü ildə Masallı rayonunun Mollaoba kəndində məktəb binasının tikintisi üçün 74 min 082 ABŞ dolları qrant ayrılmışdır.
Bildirilmişdir ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir.
Diqqətə çatdırılmışdır ki, bu layihələr də daxil olmaqla Azərbaycanda imzalanmış qrant müqavilələrinin ümumi sayı 170 və dəyəri 13,733,902 ABŞ dolları təşkil edir.
Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçmişdir.
Mərasimdə çıxış edənlər ölkəmizdə yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.