İQTİSADİYYAT
Mayda qlobal neft təklifi gündəlik 98,7 milyon barrel olub
![Mayda qlobal neft təklifi gündəlik 98,7 milyon barrel olub](/files/2018/2/1200x630/15288910323944435743_1200x630.jpg)
Bakı, 13 iyun, Nihad Budaqov, AZƏRTAC
Qlobal neft təklifi bu ilin may ayında aprellə müqayisədə gündəlik orta hesabla 276 min barrel artaraq 98 milyon 700 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neftdən başqa digər şərti olmayan istehsalı may ayında gündəlik 6 milyon 930 min barrel təşkil edib. Beləliklə ötən ay OPEC-in ümumi hasilatı sutkada 38 milyon 620 min barrel olub.
Mayda OPEC üzrə neft istehsalı ən çox Nigeriya və Venesuelada azalıb. Nigeriyada gündəlik neft istehsalı təxminən 120 min barrel geriləyərək 1 milyon 470 min barrelə enib. Venesuelada gündəlik neft hasilatı təqribən 50 min barrel azalaraq 1 milyon 410 min barrelə düşüb.
Keçən ay Səudiyyə Ərəbistanı və İraqda neft istehsalı artıb. Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı 100 min barrel artaraq 10 milyon 20 min barrel, İraqın sutkalıq neft hasilatı isə 60 min barrel çoxalaraq 4 milyon 470 min barrel olub.