CƏMİYYƏT
MDB ekspertləri əmək miqrantlarının tibbi sığortası məsələlərində əməkdaşlığa dair Sazişin layihəsini razılaşdırıblar
![MDB ekspertləri əmək miqrantlarının tibbi sığortası məsələlərində əməkdaşlığa dair Sazişin layihəsini razılaşdırıblar](/files/2023/1/1200x630/16777546252749535013_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin mənzil qərargahında MDB iştirakçısı dövlətləri arasında əmək miqrantları və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində əməkdaşlığa dair Sazişin layihəsinin yenidən işlənməsi və razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib. Bu barədə AZƏRTAC-a Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətində məlumat veriblər.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. MDB iştirakçısı dövlətlərin Parlamentlərarası Assambleyası və Avrasiya İqtisadi Komissiyasının təmsilçiləri tədbirə müşahidəçi qismində qatılıblar.
Ekspertlər bir sıra ölkələrdən daxil olmuş irad və təklifləri nəzərdən keçirərək sənədin üzərində yenidən işləyib və səs çoxluğu ilə qəbul ediblər. Sazişin layihəsini müəyyən olunmuş qaydada MDB hökumət başçıları Şurasının müzakirəsinə təqdim etmək barədə qərar qəbul edilib.
Mətbuat xidmətinin məlumatında deyilir: “Yaranmış sıx tarixi və sosial-mədəni əlaqələrin fonunda Birlik ölkələri üçün vətəndaşların daimi miqrasiya axını, o cümlədən əmək miqrasiyası xarakterikdir. Bu ölkələrin əksəriyyətində işçi qüvvəsinin daxili və xarici yerdəyişməsinin tənzimlənməsi təxirəsalınmaz və təcili tibbi yardımın göstərilməsini nəzərdə tutan milli miqrasiya qanunvericiliyi və beynəlxalq sazişlər əsasında həyata keçirilir.
Birlik məkanında hazırkı dövrdə əmək miqrantlarına tibbi yardımın göstərilməsi ayrıca qeyd olunmayıb və bu, yalnız təxirəsalınmaz və təcili tibbi yardım göstərilməsini ehtiva edən beynəlxalq sazişlər əsasında tənzimlənir. Bununla yanaşı, bir çox hallarda əmək miqrantları, xüsusən ixtisası olmayanlar məhdud sosial müdafiə şəraitində işləyir, tibbi və digər sosial xidmətlərdən geniş şəkildə istifadə edə bilmirlər.
Bu vəziyyət əmək miqrantları və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində əməkdaşlığa dair Sazişin layihəsinin hazırlanması zərurətini meydana çıxarıb”.