MDB-nin ekspertləri ətraf mühitin mühafizəsi məsələlərini müzakirə ediblər
Bakı, 19 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Ekoloji Şurasının IХ iclası videokonfrans formatında keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə çıxış edən MDB İcraiyyə Komitəsinin təhlükəsizlik və yeni çağırışlar və təhdidlər ilə mübarizə sahəsində əməkdaşlıq üzrə departamentinin direktoru Aleksandr Burov qeyd edib ki, cari ildə Dövlətlərarası Ekoloji Şura 10 illik yubileyini qeyd edir. Bu müddət ərzində o aktuallığını sübut edib və bu gün MDB-nin sahə əməkdaşlığı orqanları arasında layiqli yer tutur.
“Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlarının səmərəli istifadə edilməsinin təmin olunması dövrümüzün ən mürəkkəb və aktual məsələlərdən biridir. Yer kürəsi - ümumi evimiz, əsas sərvətimizdir, biz onu gələcək nəsillərə nə vəziyyətdə miras qoyacağımıza görə hər zaman məsuliyyət daşıyırıq. Şuranın bu yubiley ilində əminliklə demək olar ki, siz ekoloji təhlükəsizlik sisteminə əhəmiyyətli töhfə verirsiniz, təbiətin bizə verdiyini qoruyub saxlamaq və artırmaq üçün əlinizdən gələni edirsiniz”, - deyə Aleksandr Burov vurğulayıb.
Onun sözlərinə görə, son illərdə bütün dünyada baş verən hadisələr iqlim dəyişməsi probleminə marağı kəskin şəkildə artırıb. Ölkələrdə ekologiyaya ehtiyac rekord templərlə artır. Ən böyük investisiya fondları bəyan ediblər ki, zərərli istehsalatlara sərmayələrdən imtina etməyə başlayırlar, inkişaf etmiş ölkələr isə artıq emissiyaların azaldılması üzrə iddialı planlar təqdim ediblər.
İclas iştirakçıları Dövlətlərarası Ekoloji Şurasının 2024-2025-ci illər üçün iş planları, ekoloji monitorinq, ekoloji fəaliyyətdə müasir informasiya texnologiyalarından istifadə olunması, emissiyaların normallaşdırılması və uçotu, atmosfer çirklənməsinin qiymətləndirilməsi və proqnozlaşdırılması ilə bağlı vahid siyasət, yanaşmalar və metodların işlənib hazırlanması sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bundan əlavə transsərhəd ərazilərdə kompleks ekoloji monitorinqin inkişafı, ekoloji sığorta sisteminin tətbiq edilməsi müzakirə obyekti olub.