MDB ölkələrinin ekspertləri transfuziologiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
Bakı, 22 aprel, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərinin transfuziologiya məsələləri üzrə Ekspert Şurasının iclası MDB-nin Minskdəki mənzil qərargahında keçirilib.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş iştirakçıları Ekspert Şurasının sədrini seçiblər. Bu vəzifəyə Respublika Transfuziologiya və tibb biotexnologiyaları elmi-praktiki Mərkəzinin direktoru, Belarus Respublikasının Səhiyyə Nazirliyinin Baş transfuzioloqu Fyodor Karpenko seçilib.
Dövlətlər tərəfindən təqdim edilmiş məlumatlar əsasında Belarus tərəfindən hazırlanmış MDB ölkələrinin milli qan banklarının təşkili və fəaliyyəti üzrə analitik informasiya Şura üzvlərinin diqqətinə çatdırılıb. Problemli məsələlərin həll edilməsi və milli qan banklarının inkişafı üzrə ümumi istiqamətlər müəyyən edilib.
Ekspert Şurasının üzvləri milli qan bankları və Qırmızı Xaç və Qırmızı Aypara Təşkilatının regional cəmiyyətlərinin donor potensialının inkişafı məsələləri üzrə qarşılıqlı fəaliyyətinin vacibliyini qeyd ediblər.
Bundan başqa, Birlik ölkələrinin nümayəndələri transfuziologiya məsələləri üzrə MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığına dair Proqramın və “Qan, onun komponentlərinin donorluğu haqqında” model qanununun layihəsinin hazırlanmasının müzakirə edilməsinin vacibliyini etiraf ediblər.
Belarus tərəfi Belarus Respublikasında transfuziologiya yardımının yaradılmasının 90 illiyinə həsr olunmuş IX Transfuzioloqlar və Hematoloqlar Qurultayının 2022-ci ilin oktyabr ayında Minskdə keçirilməsi barədə iclas iştirakçıları məlumatlandırıb və Ekspert Şurasının üzvlərini bu tədbirdə iştirak etməyə dəvət edib.
Ekspert Şurasının növbəti iclasının bu il iyunun 21-də keçirilməsi planlaşdırılır.