Məcburi köçkünlərin bacarıqlarının artırılması naminə inkişaf layihəsi uğurla həyata keçirilir
Ağdam, 14 may (AZƏRTAC). Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin bacarıqlarının artırılması üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən inkişaf layihəsi uğurla həyata keçirilir.
Azərbaycan və İsveçrə hökumətləri tərəfindən maliyyələşdirilən, FAO tərəfindən həyata keçirilən layihə 2009-2012-ci illəri əhatə edir. Layihənin məqsədi məcburi köçkün və yerli fermerlərin gəlirlərinin artırılması, onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Ötən dövr ərzində layihədən 1300 məcburi köçkün və yerli fermer bəhrələnmişdir.
Bərdədə layihənin nəticələrini nümayiş etdirmək və digər rayonlarda da həyata keçirilməsi imkanlarını müzakirə etmək üçün ekspert məsləhətləşmələri olmuşdur. Tədbirdə FAO-nun idarə heyətinin, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının, İsveçrə və Macarıstan səfirliklərinin, Bərdə Rayon İcra hakimiyyətinin, Azərbaycanda fəaliyyət göstərən BMT agentliklərinin, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
FAO-nun milli proqram rəhbəri Oqtay Gülmalıyev, baş texniki məsləhətçi Valter de Oliveira, İsveçrə inkişaf və Əməkdaşlıq Təşkilatının rəhbəri Filip Keller, İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabina Ulman Şaban tədbirdə çıxış edərək layihənin əhəmiyyəti və nəticələri haqda məlumat vermişlər.
Tədbirdə donor və icraçı agentliklərlə müzakirələr aparılmış, layihənin Biləsuvar və Füzuli rayonlarında da tətbiq edilməsi təklif olunmuşdur.
Məcburi köçkünlərin bacarıqlarının artırılması və həyat səviyyəsinin yaxşılaşdırılmasını əhatə edən layihənin digər rayonlarda da tətbiq edilməsinə dair təkliflər iyunun 17-də Bakı şəhərində keçiriləcək konfransda müzakirə olunacaq və Azərbaycan hökuməti tərəfindən beynəlxalq donor ictimaiyyətinə və donor ölkələrin səfirliklərinə təqdim ediləcəkdir.