CƏMİYYƏT
Mədənçıxarma müəssisələrinin uğurlu inkişafı hazırda sosial və ekoloji məsuliyyət sistemlərinin tətbiqi olmadan mümkün deyil
![Mədənçıxarma müəssisələrinin uğurlu inkişafı hazırda sosial və ekoloji məsuliyyət sistemlərinin tətbiqi olmadan mümkün deyil](/files/2023/3/1200x630/1698321391188669287_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan dövləti qeyri-neft sektorunun ayrı-ayrı perspektivli sahələrinə, o cümlədən dağ-mədən sənayesinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir. Regionlarımızda müxtəlif növ faydalı qazıntı ehtiyatlarının olması, eləcə də dağ-mədən sənayesində istehsal edilən məhsullara dünya bazarında tələbatın artması, bu sahədə potensialın yüksək olmasının göstəricisidir. Lakin bu nailiyyətlərlə yanaşı, ətraf mühitin qorunması üçün dağ-mədən müəssisələrinə iqtisadi-ekoloji cəhətdən yanaşılması vacibdir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aytən Seyidova jurnalistlərə açıqlamasında deyib.
“Yer təki istifadəçilərində hasilat zamanı faydalı qazıntıların normadan artıq itkisinə yol verilməməsi, mineral-xammal ehtiyatlarından ekoloji cəhətdən təhlükəsiz şəkildə istifadə edilməsi, ətraf mühitə atılan tullantıların minimuma endirilməsi və bu kimi istiqamətlərdə ekoloji məsuliyyət olmalıdır. Mədənçıxarma müəssisələrinin uğurlu inkişafı hazırda sosial və ekoloji məsuliyyət sistemlərinin tətbiqi olmadan mümkün deyil”, - deyə A.Seyidova qeyd edib.
A.Seyidovanın sözlərinə görə, bunun üçün ilk növbədə müvafiq bərpa proqramlarının hazırlanması, ekoloji və sosialyönümlü tədbirlərin planlaşdırması zəruridir və bunların hamısı mədən istismara verilməzdən əvvəl olmalıdır. Eyni zamanda, yeni texnologiyaların istifadəsinin təşviq edilməsi bu sahədə tullantıların və ətraf mühitin çirklənməsinin minimum həddə çatdırılmasında əsas rol oynayacaq.