Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil olunub
Bakı, 1 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun birgə təşkilatçılığı ilə Zaqatala rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin Zaqatala rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib.
Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.