Mədəniyyət və İncəsənət Universitetində Zəfər Gününə həsr olunmuş sərgi açılıb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin birinci ildönümünə həsr olunmuş sərgi açılıb. Əvvəlcə tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova ali təhsil ocağında Zəfər Günü ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. Qeyd edib ki, bugünkü sərgidə isə ADMİU-nun Rəssamlıq fakültəsinin təsviri sənət, dizayn və dekorativ-tətbiqi sənət kafedralarının müəllimlərinin Qarabağ Zəfərinə həsr olunmuş əsərləri nümayiş olunur.
Rektor 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbədən, Azərbaycan Ordusunun və əsgərinin qəhrəmanlığından söz açıb. Ceyran Mahmudova Vətən müharibəsi dövründə gənc nəslin vətənpərvərlik nümayiş etdirdiyini, xalqımızın ölkə Prezidentinin ətrafında yumruq kimi birləşərək Qələbə qazandığını söyləyib.
“Vətən müharibəsi dövründə yüksək vətənpərvərlik hisslərinə malik və milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyinin şahidi olduq”, - deyə rektor bildirib.
Tədbirdə ADMİU-nun prorektorları Sədaqət Əliyeva, Gülşən Əliyeva-Kəngərli, Xalq rəssamları Arif Əziz və Xanlar Əhmədov, Təsviri sənət kafedrasının müdiri Rəşad Cabbarov, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Vüqar Əli çıxış ediblər. Çıxış edənlər Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində qazanılan şanlı Qələbənin onlarda fəxr və qürur hissi yaşatdığını söyləyib, bununla bağlı öz duyğu və hisslərini kətan üzərinə köçürdüklərini bildiriblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə ADMİU-nun müəllimlərinin 22 rəsm və 3 heykəltaraşlıq işi nümayiş olunub.