Məhəbbət Vəliyeva: Şagirdlər adət-ənənələrlə bağlı məlumatlandırılmalı, milli mənəvi dəyərlərimiz qorunub saxlanılmalıdır
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Bakıdakı 3 nömrəli xüsusi təhsil məktəbində xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Novruz bayramı ənənələrini nümayiş etdirən tədbirdə bu qurumun müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.
Məktəbin direktoru Nüşabə Heydərova bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə ruzi-bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib və onlara sevinc dolu günlər arzulayıb. İdarə müdiri şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Tədbirdə şagirdlər Novruza, bahara həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, maraqlı səhnəciklər göstəriblər.
Bayram tədbiri “Yallı” rəqsi ilə yekunlaşıb.
Sonra iştirakçılar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.