Məhərrəm Qasımlı: Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. İkinci Qarabağ müharibəsində baş verən proseslər Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.
Əməkdar elm xadimi bildirib ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsi oldu. Müharibənin başladığı gündən etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi: “Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini obyektiv gerçəkliklərə, tarixi, siyasi və mənəvi həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda bir daha öz təsdiqini tapmasıdır. Ümumiyyətlə, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur”.
Alim bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması mərasimində iştirakları mühüm tarixi hadisələrdir: “Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yalnız tərəqqiyə xidmət edir. Sülh və əməkdaşlıq tərəfdarı olan hər kəs bu uğurlardan nümunə götürməlidir”.
İki qardaş ölkə liderinin hava limanının açılışını bərabər etməsinin türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayan professor deyib: “Bu tarixi görüntülər birliyimizin, həmrəyliyimizin misli görülməyən, qürurverici nümunələrindəndir. Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə yanaşı, uzun illər ermənilər tərəfindən dağıdılaraq viran qoyulan Qarabağın müxtəlif bölgələrində yeni layihələrin təməllərinin bərabər qoyulması ölkələrimiz, eyni zamanda, bölgə üçün çox mühüm hadisədir. Zəngəzur dəhlizi tarixi salamlamaq üzrədir ki, bu da ölkələrimizlə yanaşı, regionun inkişafına töhfə verəcək”.