DÜNYA
MƏHKƏMƏ KOMA VƏZİYYƏTİNDƏ OLAN XƏSTƏNİN HƏYATINA SON QOYULMASINA RAZILIQ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Avstriya Mətbuat Agentliyinə (APA) istinadla xəbər verir ki, İtaliyanın ali kassasiya məhkəməsi 16 ildən bəri koma vəziyyətində olan 37 yaşlı italyan qadının həyatına son qoyulmasına razılıq vermişdir. Milan prokurorluğunun iddia ərizəsini rədd edən məhkəmə Eluana Enqlaronun valideynlərinin müraciəti əsasında iyun ayında çıxarılmış məhkəmə qərarını qüvvədə saxlamışdır.
1992-ci ildə avtomobil qəzasına düşən Eluana Enqlaro 16 ildir ki, koma vəziyyətindədir və süni qidalandırılır.
Məhkəmənin qərarını razılıqla qarşılayan valideynlər qızlarının bu yolla iztirablardan qurtulacağına əmin olduqlarını bildirmişlər. Bununla da Lombardiya əyalətinin Lekko şəhərində yaşayan Enqlaro ailəsinin 10 ilədək sürən hüquqi mübarizəsi - övladlarının həyatı bahasına-onların qələbəsi ilə başa çatmışdır.
Məhkəmənin çıxardığı qərar Vatikanın ciddi tənqidinə tuş gəlmişdir. Vatikanın yaydığı məlumatda məhkəmə qərarının “mənəvi və əxlaqi” baxımdan ağrılı bir xəbər olduğu bildirilmiş və koma vəziyyətində olan xəstələrin süni qidalandırılmasının dayandırılması “qətl” kimi qələmə verilmişdir.
Qeyd edək ki, dindar İtaliyada ölümə yardım (istər aktiv, istərsə də passiv formada) qadağandır.