Meksika telekanalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj yayımlayıb
Vaşinqton, 3 sentyabr, AZƏRTAC
Meksikanın böyük tamaşaçı kütləsinə malik “Canal Once” telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibəni yayıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən diplomat şəhərin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
Hazırda 30 ilə yaxın işğal atında qalmış və erməni vandalizminə məruz qalmış işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparıldığı diqqətə çatdırılıb, Azərbaycanın qarşısında duran ən vacib məqsədlərin bu ərazilərin yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.
Eyni zamanda, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə işğaldan ziyan görmüş ərazilərdə mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib, hazırda Azərbaycan tərəfindən həmin ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü vurğulanıb.
Müxbirin tanınmış fransız yazıçısı Aleksandr Dümanı şahmatda məğlub edən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan barədə sualına cavab verən səfir onun sonuncu Qarabağ xanının qızı olduğunu, onun kimi, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin Şuşada anadan olduğunu söyləyib. Bir çox mədəni abidələr kimi, Xan qızı Natəvanın sarayının da erməni vandalizminə məruz qaldığı təəssüflə qeyd edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu