REGİONLAR
Meksikanın Azərbaycandakı səfiri Mingəçevirə səfər edib
![](/files/galleryphoto/2016/2/1200x630/146306885918169426_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/1463068859188449602_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14630688596501710439_1200x630.jpg)
Xuan Rodrigo Labardini: Mingəçevirdə olduğum iki saat ərzində gözəl və inkişaf etmiş bir şəhər gördüm
Mingəçevir, 12 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Mayın 12-də Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Mingəçevir şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Xuan Rodrigo Labardini əvvəlcə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir ölkələrimiz arasında əməkdaşlığın potensialı, eləcə də mədəniyyət, mətbəx, ümumiyyətlə, qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasındakı oxşarlıqlar barədə danışıb.
Xuan Rodrigo Labardini səfər çərçivəsində Mingəçevir Tarix muzeyində olub və muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Mingəçevir Dövlət Universitetində olan səfir rektor Akif Hacıyevlə görüşüb. Görüş zamanı Meksikanın turizm sahəsindəki geniş imkanlarından danışan səfir deyib: “Biz sizə çox şey öyrədə bilərik. Əsas məqsədimiz oxşar və fərqli cəhətlərimizi axtarıb onların üzərində işləməkdir”. Səfir Meksika ali məktəbləri ilə Mingəçevir Dövlət Universiteti arasında əlaqələr qurulmasının mümkünlüyünü söyləyib. Tərəflər bu əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Xuan Rodrigo Labardini şəhərlə tanışlıqdan sonra KİV nümayəndələrinə verdiyi müsahibəsində Mingəçevirə heyran olduğunu deyib: “Mingəçevirdə olduğum iki saat ərzində gözəl və inkişaf etmiş bir şəhər gördüm. Burada yaradılan gözəllik məni heyran etdi. İndiki Mingəçevirin siması onun daha gözəl gələcəyindən xəbər verir”.
Səfir vurğulayıb ki, Meksika Azərbaycanla çox sahələrdə əməkdaşlıq edə bilər, eləcə də Mingəçevirlə əlaqələr qura bilər. Ölkələrimiz arasında o qədər də geniş olmayan ticarət əlaqələrini inkişaf etdirmək üçün hər iki tərəfin böyük imkanları var.