ELM VƏ TƏHSİL
Məktəbəqədər təhsil müəssisəsində Zəfər bayramı qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
183 nömrəli körpələr evi-uşaq bağçasında Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 183 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elnarə Əsədova Şuşa şəhərinin azad edilməsinin Vətən müharibəsində həlledici mərhələ olduğu üçün tariximizə Zəfər Günü kimi yazıldığını söyləyib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova Müzəffər Ali Baş Komandanın qəti mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi sayəsində Zəfər Gününə gedən yoldan bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin suverenliyinin bərpasının tam təmin olunmasının qürurverici hiss olduğunu və bu tarixi hadisələrin mahiyyətinin uyğun formada uşaqlara aşılanmasının vacibliyini bildirib.
Digər çıxış edənlər ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildiriblər.
Tədbirdə uşaqlar Azərbaycana, vətənpərvərliyə həsr edilən şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, rəqs və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.