Məktəblilər üçün muzey həftəsi təşkil edilib
Bakı, 28 may, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən artıq üçüncü ildir ki, məktəblilər üçün muzey həftəsi təşkil edilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar məktəblilər üçün Bakı şəhəri üzrə muzey həftəsi və bölgələr üzrə muzey ongünlüyü keçirilib.
Muzeylərə ekskursiyadan öncə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəklərin məşğələləri bu əlamətdar tarixə həsr olunub, “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” mövzusunda təqdimatlar nümayiş etdirilib.
Maarifləndirici proqram çərçivəsində Bakının 190 ümumtəhsil müəssisəsində fəaliyyət göstərən respublika uşaq-gənclər inkişaf mərkəzlərinin 5444 nəfər dərnək üzvü, respublikanın 28 rayonunda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin hər birindən 100 uşaq olmaqla 2800 nəfər dərnək üzvü paytaxtın və regionların aparıcı muzeylərinə, tarixi abidələrinə, ev-muzeylərinə, dövlət tarixi memarlıq qoruqlarına ekskursiya ediblər.