Memarlıq və İnşaat Universiteti: bütün fənlər üzrə mühazirələr tələbələrin elektron kabinetinə yerləşdirilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn dərslər “Zoom” platforması, “Skype” proqramı və videodərslər vasitəsilə həm bakalavr, həm də magistr pillələrində aparılır. Eyni zamanda, bütün fənlər üzrə mühazirələr tələbələrin elektron kabinetinə yerləşdirilib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
AzMİU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına görə, bu günə qədər 1500-ə yaxın onlayn dərs keçirilib, 5420 tələbə onlayn tədrisə cəlb olunub. Ümumilikdə, universitet üzrə dərslərin 85 faizi onlayn formada təşkil edilib. Onlayn dərslər əsasən mühazirə və məşğələ formatında aparılır, virtual laboratoriyalar fəaliyyət göstərir.
Xatırladaq ki, respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində martın 16-dan başlayaraq tədris prosesi məsafədən təşkil edilir.