“Mənim doğma Vətənim Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə” layihəsinin təqdimatı olub
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə tanınmış jurnalist Hacıbəy Heydərlinin "Mənim doğma Vətənim - Azərbaycan - Jurnalistlər arasında videomüsabiqə" layihəsi çərçivəsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Davam” Gənclər Hərəkatında baş tutan görüşdə layihə rəhbəri Hacıbəy Heydərli çıxış edərək informasiya müharibəsində video və fotoçəkilişlərin önəminin əvəzsiz olduğunu söyləyib: “Birinci Qarabağ müharibəsində Çingiz Mustafayevin çəkdiyi kadrlar erməni vəhşiliyini bütün dünyaya göstərə bildi. Eynilə İkinci Qarabağ müharibəsində də jurnalistlərimiz, fotoqraflarımız gecə-gündüz Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdılar. Vətən müharibəsində Zəfər çaldıq, ancaq informasiya müharibəsi bu gün də davam edir. Hər bir gəncimiz çalışmalıdır ki, bu işdə dövlətimizə yardımçı olsun, Azərbaycan həqiqətlərini foto və videolarla geniş kütləyə çatdırsın”.
Tədbirdə AZƏRTAC-ın Fotoinformasiya materiallarının buraxılış redaktoru Aydın Oktayoğlu çıxış edərək mövzunun aktuallığından danışıb. O deyib ki, çəkdiyi fotolar dəfələrlə dünyanın nüfuzlu media orqanları tərəfindən yayımlanıb. Fotoqraf bu günə qədər çəkdiyi bəzi fotoları gənclərə nümayiş etdirib.
Tanınmış fotoqraf Valeh Arifoglu isə çıxışında deyib ki, foto və videomateriallarda ən önəmli məqam anı yaxalamaqdır. O çəkdiyi fotoların tarixçəsi haqda gənclərə məlumat verib.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə gənclərin informasiya müharibəsində daha da aktiv olmasının vacibliyindən danışıb. O deyib ki, hər bir Azərbaycan gənci beynəlxalq arenada daha da fəal olmalı və Azərbaycan həqiqətlərini yaymalıdır. Təşkilat sədri bu işdə sosial şəbəkələrin rolunu da xüsusi qiymətləndirib.
Tədbirdə müxtəlif universitetlərdə təhsil alan və jurnalistikaya marağı olan 50-dən çox gənc iştirak edib.
Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.