“Mənim səsim – mənim hüquqlarım” - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans YENİLƏNİB VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Uşaq Səfirlər Məclisinin üzvlərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, uşaqların xoşbəxtliyi, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması cəmiyyətimizin davamlı inkişafının əsas şərtlərindən biridir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaq siyasəti ardıcıl şəkildə gücləndirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri uşaqların rifahı, təhsili, sağlamlığı və sosial müdafiəsi sahəsində mühüm layihələrin həyata keçirilməsinə, eyni zamanda, cəmiyyətin bu istiqamətdə səfərbər olunmasına mühüm töhfə verir.
“Dövlət Komitəsi bu siyasətin həyata keçirilməsində əlaqələndirici qurum kimi fəaliyyət göstərir, dövlət orqanları, Milli Məclis, media, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və ailələrlə sıx əməkdaşlıq şəraitində çalışır", - deyə o vurğulayıb.
Bahar Muradova çıxışında kibertəhlükəsizlik və təhlükəsiz internet mövzularının da xüsusi aktuallıq daşıdığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların internetdən düzgün və məsuliyyətli istifadəsinin təşviqi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.
Tədbirdə uşaqların hüquqlarının qorunması, onların qərarqəbuletmə proseslərində iştirakının artırılması, sosial fəallığının dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
11:26
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə nümayəndələrindən ibarət 100 uşaq iştirak edir.
Tədbirdə uşaqların hüquqlarının qorunması, onların qərarqəbuletmə proseslərində iştirakının artırılması, sosial fəallığının dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq.
Konfrans uşaqların səsinin eşidilməsi, onların hüquq və maraqlarının müdafiəsinə dair təşəbbüslərin təşviqi baxımından mühüm platforma rolunu oynayır.