Mərkəzi Bank “AniPay ilə ödə və qazan” lotereyası keçirir
Bakı, 1 noyabr, AZƏRTAC
Cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən noyabrın 1-dən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə AÖS vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcək. Lotereyada AÖS-ün “AniPay” tətbiqi, habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda, filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaq. Lotereya haqqında daha ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə (https://www.cbar.az/page-717/pay-by-anipay-and-win-2021) yerləşdirilib.
Qeyd edək ki, hazırda 20 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan gələn il yanvarın 1-dək xidmət haqqı tutulmaması qərara alınıb. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.