Mərkəzi Bank “Uşaqlar üçün sığorta” mövzusunda iki müsabiqə elan edir
Bakı, 1 noyabr, AZƏRTAC
Nazirlər Kabinetinin 2019-cu iI 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə genişmiqyaslı layihələr həyata keçirir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu layihələr çərçivəsində cari ilin noyabr ayı ərzində “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan olunur. Qeyd edək ki, hər ilin noyabr ayı Mərkəzi Bank tərəfindən Maliyyə savadlılığı ayı kimi müxtəlif tədbirlərlə qeyd edilir. Müsabiqənin məqsədi məktəbliləri maliyyə savadlılığının bir komponenti olan sığorta anlayışı ilə tanış etmək, onlara sığorta, onun növləri və faydaları haqqında ilkin məlumatları çatdırmaqdır.
“Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə
Virtual kurs müsabiqəsində iştirak üçün şagirdlər Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) “Uşaqlar üçün sığorta”, “Insurance for children” və ya “Детям о страховании” distant kurslarından birində qeydiyyatdan keçməlidirlər. Şagirdlər qeyd olunan kursların birində videodərsləri dinlədikdən sonra onların valideyni və yaxud müəllimi ən geci noyabrın 23-ü saat 18:00-dək Maliyyə savadlılığı şöbəsinin əməkdaşları ilə test gününü, saatını və formasını (onlayn və ya ənənəvi) razılaşdırmalıdırlar. Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz: https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M
Testdə onlayn iştirak edən uşaqlar evlərindən və ya məktəblərindən onlara göndərilən linkə qoşularaq Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar. Ənənəvi imtahan vermək istəyən uşaqlar isə təyin edilmiş gündə və saatda Mərkəzi Bankın Bülbül prospekti, 27 ünvanında yerləşən binasına yaxınlaşaraq onlar üçün ayrılmış kompüterdən istifadə etməklə kursun suallarını cavablandıra bilərlər.
Virtual kurs müsabiqəsində 7-10 yaşında şagirdlər iştirak edə bilərlər.
“Sığorta uşaqların gözü ilə” rəsm müsabiqəsi
“Sığorta uşaqların gözü ilə” rəsm müsabiqəsində iştirak üçün də şagirdlərdən “Uşaqlar üçün sığorta”, “Insurance for children” və ya “Детям о страховании” virtual kurslarından birini dinləyib, sığorta ilə bağlı öyrəndikləri məlumatlar əsasında rəsm çəkmələri istənilir. Təqdim olunan rəsm nümunələri A4 və ya A3 formatında sulu (yağlı) boya və ya karandaşla çəkilməlidir. Rəsmlər Mərkəzi Bankın Bakı şəhəri, AZ 1000, Bülbül prospekti 27 ünvanına göndərilməlidir. Göndərmək üçün son tarixi noyabrın 25-dir. Göndərilən rəsmin arxasında şagirdin adı, soyadı, ata adı, doğum tarixi, şəhər, rayon, kənd, qəsəbə göstərilməli, məktəb (kimin adını daşıması, N-si, lisey, orta məktəb, gimnaziya və sairə) haqqında məlumat, habelə valideynlərin və ya müəllimin ən azı 2 mobil telefon nömrəsi aydın şəkildə yazılmalıdır. Rəsm müsabiqəsində 6-10 yaşında şagirdlər iştirak edə bilərlər. Hər iki müsabiqə üzrə 60 qalib şagird (30 virtual kurs, 30 rəsm müsabiqəsindən) və ən çox şagirdi müsabiqədə iştirak edən 50 qalib məktəb seçiləcək. Qalib gəlmiş şagirdlər və məktəblər sertifikatlar və hədiyyələrlə təltif olunacaqlar. Müsabiqələrin nəticələri dekabrın 7-də elan ediləcək. Müsabiqələrlə bağlı sualı olanlar (+994) 12 598-35-50 telefon nömrəsinə zəng vura, yaxud “[email protected]” elektron poçtuna yaza bilərlər.