MƏDƏNİYYƏT
Mərkəzi İncəsənət Məktəbi Filarmoniyada konsert proqramı ilə çıxış edib
Bakı, 11 may, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) iştirakı ilə konsert proqramı təqdim edilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsert proqramı ümummilli lider Heydər Əliyevin doğum günü və təhsil ocağının 85 illiyi münasibətilə təşkil olunub.
Konsertdən əvvəl mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək məktəbin kollektivini təbrik edib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışan nazir müavini bu diqqətin sayəsində ölkəmizdə uşaq musiqi məktəbləri şəbəkəsinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, istedadlı uşaqlara və gənclərə dəstək olmaq məqsədilə Ulu Öndərin müvafiq Fərmanı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Bu günə kimi dövlət başçısının sərəncamları ilə 100-dən çox gəncin bu kitaba adı yazılıb və Prezident təqaüdünə layiq görülüblər. Bu istedadlı gənclər sırasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 7 şagirdi var.
Nazir müavini deyib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu təhsil ocağı üçün 2011-ci ildə müasir tələblərə cavab verən bina tikilərək istifadəyə verilib: “Məktəbin peşəkar kollektivinin xidmətidir ki, şagirdlər müxtəlif respublika və beynəlxalq səviyyəli müsabiqələrdə nailiyyətlər əldə ediblər. Məzunlar respublikamızda və xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər”.
Sevda Məmmədəliyeva çıxışının sonunda mədəniyyət nazirinin müvafiq əmri ilə məktəbin gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə və 85 illik yubileyinə görə fəxri fərmanla təltif olunduğunu deyib. O, fəxri fərmanı təhsil ocağının direktoru, Əməkdar artist Əziz Qarayusifliyə təqdim edib. Bildirib ki, yubiley münasibətilə məktəbin bir qrup qabaqcıl müəllimi də nazirin əmri ilə təltif edilib.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev də məktəbin kollektivini təbrik edib. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb. O, Ulu Öndərin xalqımıza qoyub getdiyi ən böyük mirasın müstəqil və suveren Azərbaycan dövləti olduğunu diqqətə çatdırıb.
Sonra məktəbin tarixi haqqında məlumat verilib. Vurğulanıb ki, təhsil ocağı 1937-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. İlk direktoru Q.Ştrobidler olub. 1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qarayevin adı verilib. 2006-cı ildə 11 illik musiqi məktəbi statusu alıb. Nazirlər Kabinetinin qərarına əsasən, 2013-cü ildə təhsil müəssisəsinə Mərkəzi İncəsənət Məktəbi statusu verilib. Hazırda məktəb bir sıra ölkələrin musiqi məktəbləri ilə əməkdaşlıq edir.
Sonda Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə məktəbin şagird və müəllim heyətinin ifasında konsert proqramı təqdim olunub.