MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI SEMİNAR-TƏLİM KEÇİRMİŞDİR
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 30-da dairə seçki komissiyaları (DSK) katibliklərində çalışan hüquqşünaslar üçün təlim-seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan MSK sədrinin müavini Svetlana Qasımova bildirmişdir ki, komissiya Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmişdir. DSK-ların katibliklərində çalışan hüquqşünaslar üçün keçirilən bu seminar da həmin tədbirin davamıdır. Aşağı seçki komissiyalarının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən bu cür tədbirlər mütəmadi davam etdiriləcəkdir.
S.Qasımova qeyd etmişdir ki, seçki komissiyalarının fəaliyyəti tarixində ilk dəfə olaraq, DSK-ların tərkibində katibliklər yaradılmış və onlar üçün ştat vahidləri ayrılmışdır. Mərkəzi Seçki Komissiyası katibliklərdə baş məsləhətçi vəzifələrinə götürülənlərin əsasən hüquqşünas olmalarına üstünlük vermişdir. Məqsəd aşağı seçki komissiyalarının fəaliyyətinin qanunauyğun şəkildə qurulması, qərarların Seçki Məcəlləsinin tələbləri əsasında tərtib edilməsi, müraciətlərin qüvvədə olan müvafiq normativ-hüquqi aktlara və digər sənədlərə uyğun araşdırılması və cavab verilməsidir. Komissiyanın sədr müavini belə tədbirlərin hüquqi dövlət quruculuğuna və vətəndaş cəmiyyətinin formalaşdırılmasına bir töhfə olacağına ümid etdiyini söyləmişdir.
Sonra iclasa sədrlik edən MSK katibi Natiq Məmmədov bildirmişdir ki, dairə seçki komissiyalarında müraciətlərə baxılması, sənədləşmə işinin - kargüzarlığın müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılması sahəsində DSK-ların katibliklərində çalışan hüquqşünasların rolu böyükdür.
MSK üzvləri Rövşən İsmayılov “Seçki komissiyalarının fəaliyyətinin hüquqi əsasları. Görülən işlərin və hərəkətlərin hüquqi təminatı”, Qabil Orucov “Seçki komissiyalarının iclaslarında baxılan məsələlərin hazırlanmasında iştirak edilməsi, qəbul edilmiş qərarların qanuna uyğunluğunun təminatı”, Fuad Cavadov “Azərbaycan Respublikasının dövlət qulluğu haqqında qanununa uyğun olaraq attestasiyanın keçirilmə qaydaları və yekunları barədə”, MSK Katibliyinin şöbə müdiri Elşən Əsgərov “Seçki komissiyalarının katibliyində kargüzarlığın aparılması qaydaları”, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) eksperti Conatan Bernşteyn “Müraciətlərə baxılması ilə bağlı beynəlxalq təcrübə” və MSK katibi Natiq Məmmədov “Daxil olmuş ərizə, şikayət və təkliflərə baxılması qaydaları” mövzularında məruzə etmişlər.
Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.