Məryəm Ələkbərlinin əsərləri “Dovil Art Shopping” Festivalında sərgilənir
Paris, 1 aprel, AZƏRTAC
Dovil şəhəri ilk dəfə olaraq Luvr muzeyinin təşkil etdiyi “Art Shopping” festivalına ev sahibliyi edib. İstedadlı gənc rəssam Məryəm Ələkbərli də nadir əsərləri ilə “Dovil Art Shopping” festivalına qoşulub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Dovil Mərkəzində keçirilən festivalın açılışında iştirak edən şəhərin meri Filip Ojye gənc rəssam Məryəm Ələkbərlinin stendini ziyarət edib. Mer Məryəmin Dovildə çoxdan tanındığını bildirib, gənc rəssamın bu şəhərdə təşkil olunmuş ilk sərgisindən söz açıb.
F.Ojye Məryəm Ələkbərlinin əsərlərinin məziyyətlərindən danışıb, onun yaradıcılığının daha da inkişaf etdiyini bildirib və istedadlı gənc rəssama uğurlar arzulayıb.
Məşhur kolleksionerlər də Məryəmin əsərlərini izləmək üçün Dovilə gəliblər. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardyönün Məryəm Ələkbərlinin rəsm əsərini şəxsi kolleksiyasına daxil etdikdən sonra gənc rəssamın əsərləri tanınmış kolleksionerlər tərəfindən maraqla izlənilir.
Məryəm Ələkbərlinin stendinin açılışını səbirsizliklə gözləyən məşhur fransız qalereyalarının rəhbərləri gənc rəssamın vernisajlarını təşkil etməyi təklif ediblər. İncəsənət nümayəndələri və ziyarətçilər gənc rəssamın stendini maraqla izləyib, əsərləri ilə bağlı fikirlərini bölüşüblər.
Festivalda qeydiyyatdan keçmiş jurnalistlər Məryəmin stendində onun əsərləri və yaradıcılığı ilə bağlı reportajlar hazırlayıblar.
Fərqli baxışları olan azərbaycanlı gənc rəssam Məryəm Ələkbərli maraqlı, qeyri-standart ölçülü nadir əsərləri ilə Fransada incəsənət nümayəndələrinin diqqətini və qəlbini fəth edib. İncəsənət tarixçiləri, tənqidçiləri, yaradıcılığın müxtəlif sahələrini təmsil edən sərgi iştirakçıları istedadlı rəssamın əsərlərini həmişə maraqla qarşılayıb, bu əsərlərin məziyyətlərinə dair fikir mübadiləsi aparıb və gənc rəssamın sadə təsvir manerasına heyranlıqlarını bildiriblər.
Parlaq rənglərlə canlı modelləri və ya natürmortları kətan üzərinə köçürən, naturanı təfsir edib əsərinin ruhuna tabe edən gənc rəssam artıq rəssamlıqda öz dəstxətini yaradıb.
İncəsənət tarixçiləri Məryəm Ələkbərlinin Parisdə təhsil alsa da onun əsərlərində hiss olunan ekspressionizm və ruhun doğma vətənindən gəldiyini vurğulayırlar. Məryəm Ələkbərlinin enerji ilə dolu əsərlərinin qəlbinin səsi olduğu diqqətə çatdırılır. Hər bir əsərinin sevinc himni, daxili aləminin səsi olduğu bildirilir. Onun əsərləri canlı rənglərin improvizasiyası vasitəsi ilə ifadə olunan nostalgiya melodiyası kimi xarakterizə olunur.
Qeyd edək ki, aprelin 2-dək davam edəcək “Dovil Art Shopping” festivalına 80 rəssamın, memarın, rəqəmsal incəsənətin, fotoqrafın əsərləri seçilib. Dünyanın müxtəlif ölkələrinin məşhur qalereyalarının nümayəndələri, kolleksionerləri, incəsənət həvəskarları festivalın ziyarətçiləri arasında yer alıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris