Məşğulluq Mərkəzinin köməyi ilə keçən il Zaqatalada 1065 nəfər işə düzəlib
Zaqatala, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2019-cu ildə Zaqatala Rayon Məşğulluq Mərkəzi vasitəsilə 1065 nəfər işaxtaran vətəndaş işə düzəlib. Bundan əlavə, 36 nəfər peşə hazırlığı kursuna cəlb edilib. İşə düzələnlərin 438 nəfəri qadın, 409 nəfəri 29 yaşadək olan gənclərdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Məşğulluq Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, ötən il Zaqatala rayonunda 124 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib və onlardan 91 nəfəri təlimləri müvəffəqiyyətlə başa vurub. Sentyabrda keçirilən sonuncu “Əmək yarmarka”sında 144 nəfərə işə düzəlmək üçün göndəriş verilib.
2019-cu ildə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 2556 nəfər işaxtaran kimi qeydiyyata alınıb.
Qeyd edək ki, keçən il ölkəmizdə sosial sahədə reallaşdırılan çox böyük təşəbbüslər nəticəsində 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Müavinətlər 50 faizdən 2 dəfəyədək yüksəlib. Ötən il tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Sosial sahədə görülən bu kimi işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar da atılıb - 84 məktəb, 60 tibb müəssisəsi tikilib və təmir edilib. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Bu il ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək. 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcək. Bu il də dövlət xətti ilə 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılacaq. Həmçinin bu il ən azı 10 min insan özünüməşğulluq proqramına cəlb olunacaq.