Məsuliyyətli olmaqla özümüzü, ailəmizi, yaxınlarımızı gözəgörünməz düşməndən qoruya bilərik
Siyəzən, 10 iyun, Elxan Yusifli, AZƏRTAC
Bütün dünyanı bürüyən və hamını qorxu altında saxlayan koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan mübarizə bizi sevindirir. Həyata keçirilən operativ tədbirlərin hesabınadır ki, ölkəmiz virusla mübarizədə öndə gedən ölkələr sırasında yer alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında lazımi tədbirlər görülməsəydi, biz də digər ölkələr kimi, pandemiyanın acı nəticələri ilə barışmalı olacaqdıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev söyləyib.
O bildirib ki, vətəndaşlarımız yumşaldılma tədbirlərinə baxmayaraq, tətbiq olunan qaydalara ciddi riayət etməli, həmişə olduğu kimi həmrəylik, birlik göstərməlidirlər. Əgər belə davam edərsə, dövlətimiz və xalqımız tezliklə bu bəladan az itkilərlə, birdəfəlik qurtulacaq.
“Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Tibbi maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Məsuliyyətli olaq, özümüzü, ailəmizi, yaxınlarımızı, ətrafımızı gözəgörünməz düşməndən qoruyaq”, - deyə İ.İsayev qeyd edib.