Metodistlərin I Ümumrespublika seminar-müşavirəsi keçirilib
Bakı, 25 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində Metodistlərin I Ümumrespublika seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət göstərən metodistlərin bir araya gələrək yeniləşən dünyada yeni üsullar axtarışında olmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Nazir qarşıdan gələn 2018-ci ildə bu sahədə çalışan əməkdaşların yeni yanaşmalar və aktual mövzular ətrafında daha çevik mexanizm üzrə işləmələrinin vacibliyini vurğulayıb: “Əsas məqsəd ondan ibarət olmalıdır ki, çağdaş dünyada Azərbaycan mədəniyyətini layiqincə təbliğ edək və mədəniyyət sahəsinin marketinq üzrə çevik inkişafına nail olaq”.
Mərkəzin fəaliyyət istiqamətləri barədə tövsiyələrini verən nazir bildirib ki, son dövrdə Elmi-Metodik Mərkəz tərəfindən görülən işlər, təşəbbüs və ideyalar, səsləndirilən fikirlər cavabsız qalmamalıdır: “Elm və təcrübə özünü ümumi işdə büruzə verməlidir. Mədəniyyət evləri, klub, musiqi məktəbləri, muzey və kitabxanalar işini yeni yanaşmalar əsasında qurmalıdır. Bunun üçün insanlarda sosial məsuliyyət hissləri artırılmalıdır. Keçmişi qorumaqla yeniliyə doğru addımlamaq, özlüyündə ziddiyyət təşkil etsə də, bu sahədə çox böyük düşüncə və təfəkkürə malik cəmiyyətə nail olmalıyıq. Bütün yeni metodiki tövsiyələrin yerlərdə tətbiqi həm də orada çalışan insanlardan yeni baxışlar tələb etməlidir”.
Son illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən islahatlardan söz açan Əbülfəs Qarayev mədəniyyət mərkəzlərinin fəaliyyətində yeniliklərin tətbiqinin vacibliyini qeyd edib. Vurğulayıb ki, gənc nəslin mədəniyyətə, kitaba marağını artırmaq üçün müasir üsullardan geniş istifadə edilməlidir. Regionlarda həyata keçirilən islahatları diqqətə çatdıran nazir bu kontekstdə Azərbaycan, İtaliya və Avropa İttifaqının (Aİ) birgə iştirakı ilə ölkəmizdə icra olunan Tvinninq layihəsinin əhəmiyyətini qeyd edib. Bildirdi ki, layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir: “Tvinninq layihəsinin məqsədi, eyni zamanda, diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır. İnanırıq ki, bu layihə Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsində yeni metodların tətbiqinə öz töhfəsini verəcək. Buna görə də klub və mədəniyyət mərkəzləri, kitabxanalar fəaliyyətin yenidən qurulması, sosial məsuliyyətin artırılması üçün ideoloji və tərbiyəvi iş aparmalıdırlar”.
Nazir vurğulayıb ki, yeni ildə mədəniyyət sahəsi üzrə metodistlərin qarşısında vacib məsələlər dayanır. Elmi-Metodik Mərkəz və yeni yaradılacaq Metodiki şura mütləq yeniliklərlə dolu tövsiyələr hazırlamalıdır.
Əbülfəs Qarayev UNESCO-nun müvafiq siyahılarından təmsil olunan mədəni sərvətlərimizin klub və mərkəzlər tərəfindən təbliğatının vacibliyini də diqqətə çatdırdı.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mərkəzin son dövrdə gördüyü işlər haqqında məlumat verib. Sürətlə inkişaf edən cəmiyyətdə yeni və çevik yanaşmaların tələb olunduğunu diqqətə çatdıran direktor regionlarda çalışan əməkdaşların şəxsi inkişaf meyilləri, təşəbbüskarlıq keyfiyyətlərinin artırılması istiqamətində aparılan işlərdən söz açıb. Bildirib ki, mərkəzin əsas prinsipi ünvanlı işdir. Görülən hər bir iş, atılan addımlar yeniliyə doğru və mədəniyyətin idarə edilməsində keyfiyyətin aşılanmasına yönəlib. A.Usubəliyev Elmi-Metodik Mərkəz tərəfindən yeni yaradılan Metodiki şuranın fəaliyyət və strukturu haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə Ümumrusiya Metodistlər Şurasının sədri Andrey Belyayev, MEMM-in əməkdaşları Afaq Ağayeva, Elnarə Hacıyeva, Ceyhun Əhmədov, Metodiki şuranın üzvləri - fəlsəfə doktorları, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Rəna Mirzəzadə, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Fərqanə Hüseynova metodiki işin mövcud vəziyyəti və XXI əsrdə əhaliyə göstərilən yeni xidmət üsulları ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Metodiki şuranın yaradılması metodiki işin təkmilləşdirilməsi, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyası və gənc əməkdaşlar arasında həmkarlıq ruhunun dəstəklənməsi məqsədi daşıyır.
Daha sonra müşavirədə məruzələr dinlənilib.