Mil-Muğan düzünün Şahverdili meşəsindəki əsrarəngiz yaz gözəlliyi - fotoreportaj
İmişli, 22 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Kür və Araz çaylarının əhatə etdiyi Mil düzünə daxil olan rayonlardan biri də İmişlidir. Əsasən isti iqlimi ilə tanınan bu rayon, həmçinin spesifik xüsusiyyətləri ilə seçilir. Yaz aylarında yaşıllığa çevrilən bu torpaqlarda bir də Şahverdili meşəsi mövcuddur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür-Araz meşə zolağının bir hissəsi sayılan Şahverdili meşəsi adını Şahverdili kəndindən götürür. Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun sağ və sol kənarlarını əhatə edən bu meşənin ərazisi 200 hektara yaxındır. Meşədə əsasən çinar, palıd, qarağac, göyrüş, ayı alması, akasiya ağacları, həmçinin nar, gilas, alça, ərik və digər meyvə ağacları mövcuddur.
Şahverdili meşəsinin tarixinə gəldikdə bu yaşıllıq hələ 1950-ci illərdə nizamlı şəkildə salınıb. Elə həmin vaxtlardan meşə zolağı qorunur. Hazırda meşə zolağının qorunub saxlanılmasında böyük zəhməti olan Famil Xudiyev deyir ki, bu ağaclar onun atasının təşəbbüsü və sakinlərin köməyi ilə əkilib, elə meşənin də ilk meşəbəyi Famil dayının atası Məhəmməd Xudiyev olub.
“Xatirimdədir, mən balaca uşaq idim, bu meşələr salınmışdı. Atam təbiətə çox bağlı idi. Ona görə də yaşıllıqların artırılmasında, onların qorunmasında zəhmətə qatlanırdı. Mən də bu yaşıllığı, ağacları atamın yadigarı kimi görürəm. Odur ki, günümün çox hissəsini bu meşədə keçirirəm. Atamdan sonra bu ərazinin meşəbəyi mənim böyük qardaşım Kamil oldu. 1994-ci ildə qardaşım rəhmətə getdikdən sonra bu işi mən davam etdirdim. İndi isə oğlum Xalidə həvalə etmişəm. Lakin oğlumla bərabər özüm də baş çəkirəm əraziyə. Yaşım ötsə də gücüm çatan qədər ağaclara qulluq göstərirəm. Əsasən, bu yerlərin suvarılması lazımdır, çünki meşədə kölgə ağaclarından əlavə meyvə ağacları da çoxdur. Təbiət yaşıllığı ilə gözəldir, elə bu gözəllik kənd və rayon sakinlərini bura cəlb edir. Təbiət qoynunda rahat istirahət etmək üçün buraya tez-tez üz tuturlar. Hətta yoldan keçən digər rayonların sakinləri də bu əsrarəngiz meşəyə valeh olduğu üçün ayaq saxlamalı olur. Biz də çalışırıq ki, atalarımızdan bizə yadigar qalanı gələcək nəsillərə ötürək. Təmiz ekoloji mühitdə yaşamaq özü əsl sağlamlıqdır”, - deyə Famil dayı bildirir.
Qeyd edək ki, yaşıllıq sahəsinin artırılması məqsədilə mövsümə uyğun olaraq müxtəlif tinglər əkilir. Araz çayının sol sahilində olan Mil düzünə aid bu meşəlik sahənin əsrarəngiz mənzərəsi isə daha çox yaz aylarına təsadüf edir. Meşə sahəsindən olan fotoları təqdim edirik.