Milanda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir
Milan, 25 fevral (AZƏRTAC). Milanda Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir. Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq olmuşdur.
Duomo meydanında keçirilən aksiya zamanı yerli sakinlərə və turistlərə məlumat verilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu kütləvi qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüşdür.
Tədbir çərçivəsində, həmçinin AİGA-nın fəalları, azərbaycanlı tələbələr və Milanda yaşayan soydaşlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən bukletlər paylanmışdır.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan