Milli Arxiv İdarəsində “Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda seminar keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, respublika dövlət arxivlərinin qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatların arxiv xidməti rəhbərləri və əməkdaşları üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, həmçinin respublika dövlət arxivlərinin, komplektləşdirmə mənbəyi olan idarə, müəssisə və təşkilatların arxiv xidməti rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin apardığı siyasətdən, arxiv işi sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Tədbir iştirakçıları Dövlət Səs Yazıları Arxivinin təqdim etdiyi “Zamanın fövqündə dayanan Ulu Öndər Heydər Əliyev” adlı videoçarxı izləyiblər.
Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov “Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonra Milli Arxiv Fondunun sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov “Arxiv işində yeni çağırışlar: normativ hüquqi bazanın təkmilləşdirilməsi”, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov “İnformasiya cəmiyyətində arxiv işinin İKT tətbiq etməklə inkişaf etdirilməsi, elektron sənədlərlə iş” mövzularında çıxış ediblər.
Qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkili, sənədlərinin mühafizəsi, sənədlərin dəyərinin ekspertizasının keçirilməsi, siyahıların hazırlanması mövzusunda Dövlət Arxivinin şöbə müdiri Aygün Bəyli, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Xatirə Vəliyeva, Dövlət Elm və Texnika Sənədləri Arxivinin şöbə müdiri Ülviyyə Bayramova və başqaları arxiv işinin vəziyyəti, nailiyyətlər və problemlər barədə çıxış ediblər.
Açıq diskussiya şəraitində davam edən seminar arxivçilərin suallarının cavablandırılması və müzakirələrlə davam edib.
Tədbir iştirakçıları, həmçinin Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş kitablardan, o cümlədən Ümummilli Lider Heydər Əliyevlə bağlı hazırlanmış “Heydər Əliyev: 100 il 100 fotosənəddə” kitabından ibarət sərgiyə də baxış keçiriblər.